Tədqiqat
İqlim dəyişikliyinin insanlara təsiri
Bu tədqiqat Kitabısan Tədqiqat Mərkəzinin Danimarka, Finlandiya, Norveç və İsveç səfirlikləri ilə əməkdaşlığı, Skandinaviya Nazirlər Şurasının dəstəyi ilə həyata keçirilən “Nordic Talks: Skandinaviya yaşıl modeli” layihəsi çərçivəsində aparılıb.
|
Sorğu: İqlim dəyişikliyi sizə necə təsir edir?
"NORDIC TALKS: Skandinaviya yaşıl modeli" layihəsi çərçivəsində həm anonim, həm də küçə sorğuları keçiririk. Bakının müxtəlif yerlərində insanlardan iqlim dəyişikliyinin onlara necə təsir etdiyini soruşduq. İnsanların iqlim dəyişikliyindən, anormal hava şəraitindən necə təsirləndiklərinə dair fikirlərini bilmək üçün videonu izləyə bilərsiniz.
İqlim dəyişikliyi sizə necə təsir edir?
Dəniz çox çirklidir, xeyli arxaya çəkilib. Həm də insanların özü bu şəraiti yaradır. İnsanları özləri də problemi həll etməyə cəhd etməlidirlər. Bizdən asılıdır.
Ləman Rüstəmova
28 yaş
İqlim dəyişikliyinin hal-hazırda şəxsən mənə təsiri olmasa da heyvanlara və təbiətə təsiri var. Bu da nəticə olaraq gələcəkdə gəlib bizə də təsir edəcək.
Emil Məmmədli
23 yaş
Bu qlobal bir problem olduğu üçün məişət tullantılarını çölə atmamaqla, ağacəkmə aksiyalarında iştirak etməklə bir vətəndaş kimi, bu kainatda yaşayan bir insan kimi, əlimdən gələni edirəm. Mən və ailə üzvlərim meteohəssas insan olduğumuz üçün global istiləşmənin təsirlərini təəsüf ki, çox rahat şəkildə görə bilirik.
Sağlamlığımızı qorumaq bizim məsuliyyətimiz olduğu kimi, təbiəti qorumaq da bizim məsuliyyətimiz olmalıdır. Biz təbiətə yaxşı davranmalıyıq ki, təbiət də bizə yaxşı davransın.
Zərifə Mehdiyeva
33 yaş
İqlim dəyişikliyi tək Azərbaycan yox, bütün dünya üçün böyük problemdir. Azərbaycanda bu il COP29 keçiriləcək. Bundan sonra bəlkə nəsə dəyişə bilər.
Hamlet Paşayev
61 yaş
İqlim dəyişikliyi insanlara çox pis təsir edir. Hava şəraiti qeyri-stabildir. Bir gün yağış-yağır, bir gün gün çıxır. İnsanların psixologiyasına da təsir edir.
Rəvanə Maksudəliyeva
34 yaş
İqlim dəyişikliyi birbaşa bizim istirahətimizə təsir edir. Çünki hal-hazırda ətraf rayonlarda hava şəraiti normal deyil. Məsələn, mən Qubaya getmək istəyirəm, amma hazırda oradakı hava şəraiti getməyə imkan vermir. Bunun da birbaşa iqlim dəyişikliyi ilə əlaqəli olduğunu düşünürəm. Qubada hal-hazırda güclü sel daşqınları baş verir. Bundan əlavə hava şəraiti stabil deyil. Məsələn bir neçə il bundan əvvəl insanlar artıq may ayında istirahət etməyə başlayırdı. Bu il isə mayda Azərbaycanın hansısa bölgəsinə gedib istirahət etmək mümkün deyildi. Çünki çox qeyri-stabil hava şəraiti var idi.
Adəm Babazadə
24 yaş
Dünya iqlimin getdikcə pisləşməsi sadəcə biz insanlar üçün yox, bütün canlılar üçün faciəyə çevrilib. Mən bacardığım qədər plastik istifadəsini, elektrik istifadəsini minimuma tutmağa çalışıram. Fərd olaraq məlumatlı olmalıyıq. Amma düşünürəm ki, bunu geri döndərəcək güclər fərdlər deyil, böyük dövlətlərdir və üstlərinə düşəni etməlidirlər.
Möysünlü Tərlan
27 yaş
Havanın temperaturu ilbəil artır. Amma iqlim dəyişikliyinin təsirini ilk olaraq havanın çirkliliyi ilə hiss etmək olur.
Ruslan Kərimov
20 yaş
Qışda soyuq o qədər hiss olunmur. Bu həmişə belə deyildi. Bunu iqlim dəyişikliyinin nəticəsi kimi qiymətləndirirəm. Yayda da temperatur o qədər hiss olunmur. İqlim dəyişikliyinin nəticələri daha çox rayonlarda hiss olunur. İnsanlar şikayət edirlər ki, məhsullara ziyan dəyir. Bu, qlobal problemdir.
Nuranə Kamil
25 yaş
Məndə son zamanlar alergiya yaranıb günəşə çıxa bilmirəm. Əvvəllər belə bir şey yox idi. Günəş işıqlarından olur. Bu da anormal istiləşmədəndir
Şəhzadə Həsənli
29 yaş
İqlim dəyişikliyi mənə çox pis təsir edib. Havanın çirkliyiyi üstümüzə gəlir. Nə payız, nə yaz normal keçdi. Qışda da normal qar yağmadı.
Gözəlov Cahid
32 yaş
Xəzər dənizi quruyur. Bu o deməkdir ki, dünyamız getdikcə daha da pisləşir. Bu da həm insanların, həm də digər canlıların həyatı üçün təhlükədir. Bizim ölkəmizdə buna qarşı tədbirlər alınmağa başlayır.
Ələsgərova Münəvvər
18 yaş
Yay gec gəlir, Xəzərin səviyyəsi azalır. Dünyada temperatur yüksəlməsi var. Sənayenin, daş kömürün yandırılması, neft-qaz istehsalatı bunun səbəblərindəndir. Şimal qütbünə yaxın ərazilərdə kütləvi buz ərimələri var.
Orxan Cəlil
40 yaş
Qlobal istiləşməyə görə havalar hər keçən il daha da istiləşir. İnsan özünü yorğun hiss edir
Nigar Məmmədova
20 yaş
Havada çirk çox hiss olunur. Qış fəslində soyuq olmur.
Günel Əhmədli
21 yaş
Fabriklərin işinin nəinki ölkəmizdə, dünyanın hər yerində düzgün nizamlandığını düşünmürəm. Təbii qaynaqlar düzgün istifadə olunmur. Bu, maddi olaraq qısamüddətli fayda verə bilər, amma uzunmüddətli ziyan vuracaq. Bunun üçün hər kəs bir fərd olaraq əlini daşına altına qoymalıdır. Ən azından plastikləri yerə atmayıb, görəndə toplamaq lazımdır.
Elvin Mahmudov
27 yaş
Qış daha isti keçir, soyuq deyil. Yay isə ürəksıxıcı dərəcədə isti keçir ki, bu da narahatedicidir. Həm də bu il yay daha gec başladı.
Əli Rəhmanlı
28 yaş
Yayı-qışı bilmirik. Fəsillər dəyişib. Havadan ağırlıq yağır.
Məmmədova Şamama
55 yaş
bu qurumların əməkdaşlığı ilə ərsəyə gəlib:
Maliyyə dəstəyi:
COPYRIGHT © KİTABISTAN BÜTÜN HÜQUQLARI QORUNUR