Danimarka Enerji Agentliyinin baş müşavirinin Kitabıstana eksklüziv müsahibəsi
Kitabıstan və Danimarka, Finlandiya, Norveç, İsveç səfirliklərinin və Skandinaviya Nazirlər Şurasının tərəfdaşlığı ilə həyata keçirilən “Nordic Talks: Skandinaviya Yaşıl Modeli” layihəsi çərçivəsində Bakıda iki günlük səfərdə olan Danimarka Enerji Agentliyinin baş müşaviri Uilyam Lim Kitabıstana eksklüziv müsahibə verib. Həmin müsahibəni oxucularımıza və izləyicilərimizə təqdim edirik.
- Cənab Uilyam Lim, “Nordic Talks” layihəsi çərçivəsində sizi Bakıda salamlamağa şadam. Siz Danimarka Enerji Agentliyində baş məsləhətçisiniz. Ölkənin yaşıl keçidinə dəstək verməkdə Enerji Agentliyinin əsas rol və vəzifələrini izah edə bilərsinizmi?
- Danimarka Enerji Agentliyi Danimarka İqlim Enerjisi və Kommunal Xidmətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən agentlikdir. Biz ölkə səviyyəsində istehsal, təchizat və istehlak məsələləri üzrə milli enerji layihələrinin planlaşdırılması və onlara icazə verilməsindən məsuluq. Biz həmçinin qanunvericilərə təhlillər təqdim etməyə, karbon emissiyalarına və iqlim hədəflərimizə çatmaqda ölkəmizə dəstək olmaq üçün siyasətlər hazırlamağa cavabdehik.
- Danimarka külək enerjisinə keçid edən ilk ölkələrdən biri olub, külək turbinlərinin inkişafı və onların enerji şəbəkəsinə inteqrasiyasına öncüllük edib. Danimarkanın külək enerjisində qabaqcıl rolunu nəzərə alsaq, ölkənin külək enerjisinə erkən keçidi onun ümumi yaşıl keçidinə necə töhfə verdi?
- Danimarkanın keçidi uzun bir yol olub. Biz bu prosesə hələ 70-ci illərin sonlarında başlamışıq və bir neçə onillik ərzində həm sistemimizdə, həm də tənzimləmələrimizdə müəyyən tədrici təkmilləşdirmələr etmişik. Külək enerjisi böyük və önəmli bir komponent olub, çünki Danimarkada çox yaxşı külək resursları var. Bu baxımdan külək çox mühüm rol oynayıb, çünki küləyi idarə etmək çətin olub. Yəni biz tənzimləmələr formalaşdırmalı, eyni zamanda isə artan külək miqdarını bütün sistem boyunca dəstəkləyə biləcək infrastruktur inkişaf etdirməli idik. Beləliklə, küləyin həqiqətən oynadığı rol son 30, 40, 50 ildə həm tənzimləmələr, həm infrastruktur, həm də texnologiya baxımından sərhədləri yavaş-yavaş və davamlı şəkildə aşmaq olub. Bundan əlavə külək texnologiyası çox təkmilləşmiş bir texnologiyadır. Qiymət baxımından çox-çox rəqabətədavamlıdır. Onun miqyasını genişləndirmək sürətli prosesdir, həm də böyük iqtisadi fəaliyyət yaradır.
- Danimarkanın külək enerjisi strategiyası qlobal iqlim dəyişikliyi siyasətinə hansı innovasiyalar gətirib və qalıq yanacaqlardan qlobal asılılığı azaltmaq üçün bu enerji modeli digər ölkələr tərəfindən necə mənimsənilə bilər?
- Danimarkanın keçdiyi yola nəzər salsanız, 1990-cı ildən bu günə qədər biz enerji, məişət və xidmət sektorlarından istixana qazı emissiyalarımızı 70 % azaltmağa nail olmuşuq. Bu, əhəmiyyətli artımdır. Aydındır ki, enerji sektorunda istixana qazı emissiyalarındakı bu azalma əsasən külək enerjisi hesabına başa gəlib. Bu gün Danimarkanın 17,5 giqavatlıq ümumi enerji istehsalı potensialının 40 %-i külək enerjisidir. Düşünürəm ki, buradan çıxarılmalı olan ən vacib dərs bunun işlədiyini və işləyə biləcəyini sübut etməyimizdir. Hesab edirəm ki, Danimarkanın küləyi inteqrasiya etmək üçün qlobal səylər baxımından verdiyi töhfələr bunlardır. Birincisi, tənzimləmə ikitərəfli bir yoldur. Biz bu illər ərzində elə bir mədəniyyət və proses yaratmışıq ki, tənzimləmələrimizi külək enerjisinə şərait yaradacaq şəkildə formalaşdırmaq prosesində bazar və sənaye ilə çox yaxın dialoqa malik olaq. İkincisi odur ki, biz sistemə getdikcə daha çox dəyişkən enerji daxil etməsi üçün ötürücü operatorumuza yavaş-yavaş təkan verib istiqamətləndirməyə nail olmuşuq. Beləliklə, biz texnologiyanın da sərhədlərini aşmışıq. Nəhayət, aydındır ki, biz küləyi sistemə daxil etməyi daha asan, daha səmərəli və qiymət cəhətdən qat-qat rəqabətədavamlı hala gətirən texnologiya sahəsində də müəyyən böyük uğurlar və təkmilləşdirmələrə nail olmuşuq. Düşünürəm ki, bunlar qlobal masaya gətirə biləcəyimiz 3 böyük dərsdir.
- Danimarkanın külək enerjisi ilə bağlı uzunmüddətli hədəfləri hansılardır və Enerji Agentliyi bu məqsədlərə nail olmaq üçün necə töhfə verir?
- Danimarkanın uzunmüddətli iqlim hədəfi 2050-ci il hədəfidir və bu hədəf də iqlim neytral olmaqdır. Amma ara məqsəd, belə də deyə bilərik ki, siyasi məqsəd 2030-cu ilə qədər 100 % yaşıl elektrik enerjisi təchizatına sahib olmaqdır. Beləliklə, biz 6 ilə sistemimizdə 100 % yaşıl elektrik enerjisinə sahib olmağı hədəfləyirik. Aydındır ki, buna böyük ölçüdə şərait yaradan külək enerjisidir. Hazırda biz bunun qurulması prosesindəyik. Bu yaxınlarda 2030, yaxud 2031-ci illərdə, bu zaman aralığında başa çatdırılması planlaşdırılan 6 giqavatlıq dəniz küləyi layihəsi üçün tenderə start vermişik. Bu layihə başa çatanda sistemimizdə həqiqətən ehtiyac duyduğumuzdan daha çox elektrikə sahib olacağıq. Beləliklə, qiymət baxımından çox-çox rəqabətədavamlı olan bu elektrik enerjisini başqa məqsədlər üçün, məsələn, karbon-neytral sintetik yanacaqların istehsalı üçün istifadə edə bilərik. Beləliklə, külək, həqiqətən, qalıq yanacaqsız, 100 % yaşıl elektrik sisteminə doğru yaşıl keçidimizin əsas təkanverici qüvvəsidir. Lakin gələcəkdə həm də istixana qazlarının azaldılmasının çətin olduğu sektorlar üçün yaşıl yanacağın istehsal edilməsi baxımından əsas mühərrik ola bilər. Danimarka üçün külək enerjisinin rolu bundan ibarətdir.
- Cənab Uilyam Lim, cavablarınıza görə təşəkkür edirəm.
- Dəvət etdiyiniz üçün mən təşəkkür edirəm.
Mələk Hacıyeva
12.10.2024