IVL - İsveç Ətraf Mühit üzrə Tədqiqat İnstitutunun şöbə rəhbərinin Kitabıstana eksklüziv müsahibəsi
Kitabıstan və Danimarka, Finlandiya, Norveç, İsveç səfirliklərinin və Skandinaviya Nazirlər Şurasının tərəfdaşlığı ilə həyata keçirilən “Nordic Talks: The Nordic Green Model” layihəsi çərçivəsində Bakıda iki günlük səfərdə olan İsveç Ətraf Mühit üzrə Tədqiqat İnstitutunun Beynəlxalq Məsələlər üzrə Şöbəsinin rəhbəri Cina Aspelin Hedbrinq Kitabıstana eksklüziv müsahibə verib. Həmin müsahibəni oxucularımıza və izləyicilərimizə təqdim edirik.
- Xanım Cina Aspelin Hedbrinq, Azərbaycana xoş gəlmisiniz. Mən sizi “Nordic Talks” layihəsi çərçivəsində Bakıda görməkdən çox şadam. Siz İsveç Ətraf Mühit üzrə Tədqiqat İnstitutu IVL-də beynəlxalq məsələlər üzrə şöbə rəhbərisiniz. IVL-in missiyası və vizyonu, həmçinin IVL-in üzərində işlədiyi tədqiqat sahələri haqqında ətraflı məlumat verə bilərsinizmi?
- Məni burada qonaq etdiyiniz üçün çox təşəkkür edirəm. Bu, həqiqətən, səbirsizliklə gözlədiyim müsahibədir. Tədqiqat institutu IVL-in vizyonu dayanıqlı cəmiyyətdir. İnstitutumuz 1968-ci ildə yaradılıb və fəaliyyəti əsasən tətbiqi tədqiqat aparmaq, apardığımız tədqiqatların cəmiyyətdə tətbiq olunduğuna əmin olmaq, eyni zamanda hansı sahədə tədqiqat aparmaqla bağlı cəmiyyətlərdən və sənayelərdən rəy almaqdan ibarətdir. Çünki tədqiqat aktual olmalıdır. Beləliklə, dayanıqlı cəmiyyəti, əlbəttə ki, uzun müddətdir vizyon hesab edirik. Bunu təkcə iqlim deyil, həm də ekoloji sahələrdə, sosial dayanıqlılıq, maliyyə müzakirələrində, bütün perspektivlərdə hədəfləyirik. Missiyamızdan da göründüyü kimi, biz bunu daha əvvəl qeyd etdiyim tətbiqi tədqiqatlar aparmaqla edirik. Biz elmi, həqiqətən, reallığa gətirmək istəyirik. Biz həmçinin ekoloji problemləri imkanlara, müsbət bir şeyə çevirməyə çalışırıq. Eyni zamanda xətti prosesləri dairəvi proseslərə çevirməyə çox böyük diqqət yetiririk. Çünki bu, qarşımızda duran əsas aspektlərdən biridir. Əsas tədqiqat sahələrinə gəldikdə isə düşünürəm ki, bizim çox problemimiz var.
İqlim onlardan biridir, amma başqaları da var. Yalnız bir neçəsini qeyd etsək - bu daha çox sənayenin keçidi ilə bağlıdır ki, sənayelər necə daha dayanıqlı ola bilər - mövzulardan biri dayanıqlı kimyadır. Həyatımızın müxtəlif sahələrində, paltarlarımızda, stəkanlarımızda, butulkalarımızda, sularımızda ehtiyac duyduğumuz, istehsal etdiyimiz bütün kimyəvi maddələri necə dayanıqlı hala gətirə bilərik? Qəbul etdiyimiz yeməkdə və suda zərərli maddələrin olmamasına necə əmin ola bilərik? Amma dediyim kimi, sənaye dəyər zəncirləri, xətti proseslər və onları dairəvi proseslərə çevirmək də araşdırdığımız vacib mövzudur. Materialları haradan əldə edəcəyik? Həqiqətən, daha çox material əldə edə bilərikmi? Necə daha çox material əldə edə bilərik? Çünki bizim metal və mineralları çıxarmağımızın ətraf mühitə təsiri olur.
Həmçinin də su, su qədər sadə bir şey. Biz okeanları, tullantı sularını, kənd təsərrüfatı sektoru üçün suları, içdiyimiz suyu müzakirə edirik. Bütün bu tematik sahələr haqqında danışarkən mühüm bir mövzu da dayanıqlı idarəetmədir. Biz bu keçidi apara bilmək üçün dövlət idarələrimizi və dövlət işlərimizi necə idarə etməliyik? Bu da bizim üçün vacib sahədir.
O cümlədən dayanıqlı maliyyə. Maliyyə sahəsi keçidin davam etdirilməsində necə iştirak edir? Deyərdim ki, daha çox səy göstərməli olduğumuz mövzulardan biri də rəqəmsallaşmadır. Rəqəmsallaşma keçid üçün vasitə kimi görünür, lakin rəqəmsallaşmanın özünün də ayaq izi var. Bəs bu bizim cəmiyyətlərimiz üçün nə mənan ifadə edir? Bunlar mövzuların yalnız bir neçəsidir. Daha bir çox mövzular var.
- İsveç dayanıqlı şəhər planlaşdırmasına, səmərəli ictimai nəqliyyatı və yaşıl sahələri olan yığcam şəhərləri təşviq etməyə böyük diqqət yetirir. Bu İsveç modelini izləyərək, şəhərlər karbon ayaq izlərini azaltmaqla necə enerji cəhətdən daha səmərəli dizayn və inşa edilə bilər?
- Bu, geniş və həqiqətən, maraqlı sualdır. Düşünürəm ki, bu sualın asan cavabı yoxdur, lakin buna yanaşmaq üçün bəzi çox yaxşı yollar var. Öncə faktiki olaraq nəyə sahib olduğumuza və nəyə ehtiyacımız olduğuna baxmaq lazımdır. Yeni bir şey ərsəyə gətirərkən diqqət yetirsək - bu istər məhsul olsun, istər şəhər, yaxud hansısa bir şey - məsələ hər zaman faktiki olaraq nəyə və nə qədər ehtiyacımız olduğundadır ki, gərəyindən artıq istehlak etməyək, gərəyindən çox, yaxud da az tikməyək. Hazırda əlimizdə olanları necə səmərəli istifadə edə bilərik? Onları necə təkmilləşdirə bilərik? Nümunə olaraq, bu gün şəhərinizdə müxtəlif növ avtomobillərlə dolu küçələr varsa və daha dayanıqlı bir şəhərə sahib olmaq istəyirsinizsə, həmin küçələrin bəzi hissələrini velosiped, ictimai nəqliyyat, yaxud başqa növ nəqliyyat vasitələri üçün zolaqlara çevirmək mümkündürmü? Amma bu həm də yerli kontekstlə bağlıdır. İnsanların sahib olduqları vasitələr hansılardır, ehtiyacları və tələbləri nədir? Ətraf ərazilər necədir? Bunu da nəzərə almaq çox vacibdir.
Tədqiqatlar göstərir ki, əgər dayanıqlı cəmiyyətlərə sahib olmaq istəyirsinizsə - biz dayanıqlılıqdan danışırıqsa, söhbət təkcə iqlim deyil, həm də sosial dayanıqlılıqdan gedir - yaşıl və mavi həlləri də əhatə etmək vacibdir. Yaşıl sahələr, mavi həllər, həmçinin təbiətə əsaslanan həllər... Bunlar fırtınalı, yaxud çox küləkli havada və ya idarə etməli olduğunuz hadisələrdə şəhərdə davamlılıq həlləri kimi çıxış edə bilər. Bundan əlavə, əlbəttə ki, həmişə məsələnin fərqli tərəfləri var. Amma mən görürəm ki, bu gün ən azı İsveçdə görürük ki, insanların toplaşdığı və hər şeyi etdiyi böyük ticarət mərkəzlərinin tikintisindən lokal kontekstə qayıtmağa doğru bir dəyişiklik baş verir. Beləliklə, çox səyahət etməyə ehtiyac duymayacağınız, piyada, yaxud velosipedlə gedə biləcəyiniz yerli konteksti necə mümkün etmək olar? Amma bu həm də daha çox icma hissinə gətirib çıxarır ki, bu da sosial dayanıqlılıq üçün faydalıdır. Beləliklə, fərqli aspektlər var. Amma biz gördük ki, dediyim kimi, yaşıl həllərdən, məsələn, ağaclardan istifadə etmək çox-çox səmərəlidir. Lakin siz hansı ağac növlərindən istifadə edəcəksiniz? Çünki bu, şəhərdə baş verənlərdən asılıdır.
Ümumiləşdirsək, hər şey yerli kontekstdən asılıdır. Hazırda əlinizdə nə var və nəyə daha çox ehtiyacınız var... Hazırda var olanı inkişaf etdirmək və ehtiyac duyulan şeyi etmək lazımdır. Ancaq daha sonra nəqliyyatın minimuma endirilməsinə çox diqqət yetirmək lazımdır, çünki bu, böyük emissiyaların səbəblərindən biridir. İnsanları digər nəqliyyat vasitələrindən istifadə etməyə necə həvəsləndirə bilərsiniz? Yaxud onlar, həqiqətən, nəqliyyatdan istifadə etməlidirlərmi? Digəri isə təbii ki, binalardır. Əgər siz tamamilə yeni bina tiksəniz, o zaman bunun nəhəng təsirləri olacaq. Ona görə də qayıdaq əlimizdə olanlara. Necə təkmilləşdirə bilərik? Onlardan daha səmərəli şəkildə necə istifadə edə bilərik? Hazırda sahib olduğumuz binaları necə təkmilləşdirə bilərik ki, onlar isti və soyuğu kənara çox buraxmasın? Çünki bu, dünyadakı böyük problemlərimizdəndir ki, biz soyutma və isitməyə çox enerji sərf edirik. Lakin bina bunu özündə saxlaya bilmir və əslində, enerji yavaş-yavaş binadan ayrılır. Beləliklə, binaları necə izolyasiya edə bilərik ki, isti və ya soyuğu özündə saxlasın?
Düşünürəm, son olaraq bütün cəmiyyəti prosesə cəlb etmək gəlir ki, bu heç də asan deyil. Bələdiyyə və dövlət məmurları olaraq dayanıqlı bir şəhər qurmaq istədiyiniz zaman buna hamı cəlb edilməlidir. Tələblər qoymalısınız, çünki daşınmaz əmlak aktorları və ya tikinti şirkətlərinin fərqli maraqları var. Tələblər qoymasanız, dəyişiklik olmayacaq. Odur ki, məsələ əsasən sizin necə qarşılıqlı əlaqədə olduğunuz və bu dəyişikliklər barədə necə tələblər qoyduğunuzla, bununla əlaqədar olaraq məkan planlamasını necə həyata keçirdiyinizlə və bu barədə müzakirə apardığınızla bağlıdır.
- Bilmək istərdim ki, IVL regional iqlim dəyişikliyini həll etmək və həmçinin ən yaxşı təcrübələri bölüşmək üçün digər Skandinaviya ölkələri ilə necə əməkdaşlıq edir.
- Bizim sistemlərimiz bir çox fərqli perspektivlərdən o qədər inteqrasiya olunub ki, əməkdaşlıq etməməyimiz qeyri-mümkündür, xüsusən enerji tədqiqatları sahəsində. Amma düşünürəm ki, bir neçə fərqli yol var. Onlardan biri budur ki, biz digər Skandinaviya ölkələrindən də insanları işə götürürük. İnstitutumuzda xüsusilə norveçli və danimarkalı mütəxəssislər var. Həm də fin mütəxəssislər. Biz bir çox tədqiqat layihələrimizi digər ölkələrin təşkilatları ilə birlikdə həyata keçiririk. Təkcə Skandinaviya ölkələri deyil, həm də Avropa ölkələrinin təşkilatları ilə birlikdə. Çünki biz getdikcə daha çox inteqrasiya edirik. Biz müxtəlif konfranslarda və dialoqlarda da birlikdə iştirak edirik və burada öz biliklərimizi, nəticələrimizi və ideyalarımızı bölüşürük.
Bundan əlavə, ən yaxşı təcrübələrin və nəticələrin paylaşılması üzrə dövlət səviyyəsində geniş əməkdaşlıq mövcuddur ki, bu, daha çox uzunmüddətli perspektiv səviyyəsindədir. Beləliklə, hər ikimizin veb saytımız var ki, sadəcə Skandinaviya ölkələri üçün yox, hamı üçündür. Buradan indiki nümunədə İsveçin dayanıqlı şəhərlər baxımından faktiki olaraq nələr etdiyinə baxmaq asandır. Mən deyərdim ki, biz insanları işə götürməklə, birlikdə layihələr həyata keçirməklə, müxtəlif konfrans və dialoqlarda müzakirələr aparmaqla bir-birimizin bacarıqlarından istifadə edirik.
- Dayanıqlı cəmiyyət gələcək nəsillərin öz ehtiyaclarını ödəmək imkanlarına xələl gətirmədən hazırkı ehtiyacları ödəyən cəmiyyətdir. İsveçin dayanıqlı cəmiyyətə nail olmaq üçün göstərdiyi səylərdə üzləşdiyi əsas problemlər və imkanlar hansılardır və ölkə bunları necə həll edir?
- Bu da çox maraqlı sualdır. Hesab edirəm ki, hazırda İsveç üçün bu, daha çox zamanla bağlıdır. Bu, çox böyük problemdir. Biz qarşımıza 2045-ci ildə qalıq yanacaqlardan azad olmaq hədəfini qoymuşuq və hazırda İsveçdə həyata keçirdiyimiz fəaliyyətlər bu məqsədə çatmaq üçün kifayət deyil. Bəs əslində nə etməliyik? Bizim institut və digər bir çoxları bunun üzərində çalışır. Biz sənayenin indi prosesə öncüllük etdiyini görürük. Yəni biz vaz keçməmişik. Hələ də bunun üçün çalışırıq. Amma məncə, həm də bir baxımdan əsas çətinlik insanlardır, çünki bu məqsədə çatmaq hamıdan çox şey tələb edir. Bu gün dayanıqlılıq baxımından düzgün qərar qəbul edib-etmədiyinizi bilmək asan deyil.
Ərzaq alarkən hansı ərzaqları almalıyam? Təbii, amma İspaniya məhsulu olan ərzaq almalıyam? Yoxsa yerli olduğuna görə təbii olmayan İsveç məhsulu almalıyam? İnsanlar üçün bütün bu kiçik və böyük qərarları idarə etmək bu gün, həqiqətən, çətindir. Ona görə də insanları dəyişməyə vadar etmək asan deyil. Amma asan olmalıdır. Mən bunu əsas problem hesab edirəm.
İkinci problem isə insanların əzmkar olması və vaz keçməməsi, bununla işləməyə davam etməsidir. İsveç tullantıların çeşidlənməsinə 80-ci illərdə başlayıb və hər kəs plastik, karbon, üzvi tullantılar, şüşə tullantılarını çeşidləməlidir. İnsanların bunu etməyə başlaması isə illər çəkdi. Amma bunu etməyimizin səbəbini anladılar, nəticələrini də görürdülər.
Amma biz xüsusilə iqlimlə bağlı tədbirlər gördükdə nəticələri gözlə görünməyəcək. Bu gün, 10 il sonra, əslində, heç 20 il sonra da görünməyəcək. Bilirsiniz, hazırda tədbirlər görsək belə, temperaturun illərdir artdığını və artmağa davam etdiyini görürük. Məncə, bu, insanları düzgün addımlar atmağa həvəsləndirməyə necə davam edəcəyimizlə bağlı bir problemdir.
- Xanım Hedbrinq, çox informativ və maraqlı cavablarınız üçün sizə təşəkkür edirəm.
- Mən təşəkkür edirəm.
Mələk Hacıyeva
29.10.2024